Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Mançester Yunayted” həm də yeni mövsümün planlarını cızır. Hazırkı məqamda bu klubun azarkeşlərini düşündürən əsas məsələlərdən biri komandanın hansı məşqçiyə tapşırılacağıdır. Böyük Britaniya mətbuatının məlumatına görə, hazırda klub rəhbərliyi “Ayaks”ın baş məşqçisi Erik Ten Haqla danışıqlar aparır. Bununla yanaşı, mankunyanlar mövsümün sonunda PSJ-dən ayrılacağı gözlənilən Maurisio Poçettinonun xidmətində də maraqlıdır. Yaxın günlərdə onunla da görüş keçiriləcək. Yeri gəlmişkən, İspaniya millisinin baş məşqçisi Luis Enrikenin də adı bu siyahıya salınıb.
Elə mövsümün sonunda klubu hansı futbolçuların tərk edəcəyi də maraq doğurur. Məsələn, komandanın lideri Kriştianu Ronaldunun çempionatın sonunda hansı qərar qəbul edəcəyi hələ də məlum deyil. Mançester klubu Çempionlar Liqasına vəsiqə qazanmasa, portuqaliyalı futbolçunun gedişi istisna deyil. “Yunayted”in aparıcı futbolçularından olan Pol Poqbanın da yol üstə olduğu haqda məlumatlar dolaşır. Bir neçə gün əvvəl mətbuata açıqlamasında fransalı futbolçu PSJ-yə keçə biləcəyini və millidəki komanda yoldaşları ilə bir yerdə oynayacağını istisna etməmişdi. Polun yenidən “Yuventus”a qayıtmaq ehtimalı da var. Böyük Britaniya mətbuatıın məlumatına görə, Poqbaya icarə əsasında “Sevilya”da oynayan Marsial da qoşula bilər.